“Abşeron yarımadasında yerləşən göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması” layihəsi ilə bağlı yekun hesabat təqdim olunmuşdur
Bakı, 4 aprel (AZƏRTAC, Samirə Quliyeva). Aprelin 4-də İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı ilə “Abşeron yarımadasında yerləşən göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması” layihəsi ilə bağlı hazırlanmış yekun hesabatın təqdimatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Abşeron yarımadasında yerləşən göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələsinə xüsusi önəm verildiyi vurğulanmışdır. Qeyd edilmişdir ki, Prezident İlham Əliyev Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpasını tarixi layihə adlandırmışdır.
Təqdimat mərasimində yarımadada yerləşən göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üzrə məsləhətçi “Witteveen+Bos” şirkətinin gördüyü işlər və əldə edilmiş nəticələr, göllərin bərpası üzrə konseptual layihə barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılmışdır.
“Təmiz Şəhər” ASC idarə heyətinin sədri Zakir İbrahimov çıxış edərək, Abşeron göllərinin bərpası layihəsi çərçivəsində görülmüş işlər sırasında İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən yaradılmış İşçi Qrupun fəaliyyətindən danışmış, hər göl üçün fərdi yanaşma tətbiq olunduğunu və konseptual layihələndirmə və texniki-iqtisadi əsaslandırmaya dair sənədlərin hazırlanmasının yekunlaşdığını, real işlərin həyata keçirilməsinə başlanıldığını demişdir.
“Witteveen+Bos” şirkətinin nümayəndələri Abşeronda yerləşən 9 gölün bərpası layihəsi çərçivəsində aparılmış çöl işləri, tədqiqatlar və təhlillər barədə məlumat vermişlər. Belə ki, layihə çərçivəsində hər göl üzrə texniki-iqtisadi əsaslandırma hazırlanmış, göllərin hər biri ayrı-ayrılıqda təhlil edilmiş və hər bir gölü çirkləndirən mənbələr, onların qarşısının alınması, göllərdə təbii ekosistemin bərpası üzrə konseptual yanaşma və bunun üçün tələb olunan ilkin investisiya müəyyənləşdirilmişdir.
“Təmiz Şəhər” ASC-nin şöbə müdiri Oqtay Məmmədov Böyükşor gölünün bərpası üzrə həyata keçirilən tədbirlər barədə danışmışdır.
Diqqətə çatdırılmışdır ki, Böyükşor gölü Abşeron yarımadasının ən böyük gölüdür. 1060 hektar ərazini əhatə edən göl tarixən, xüsusilə sovet dövründə neft, çirkab suları, məişət və tikinti tullantıları ilə hədsiz dərəcədə çirklənmişdir. Gölün ekoloji bərpası ilə əlaqədar layihə iki mərhələdə həyata keçiriləcəkdir. 2014-2015-ci illəri əhatə edəcək birinci mərhələdə gölün inşa edilməkdə olan Olimpiya stadionunun yaxınlığındakı 300 hektara yaxın ərazisi bərpa olunacaqdır. Bu mərhələdə gölün şimal hissəsinin tarixən neftlə çirklənmiş sahəsinin bənd vasitəsilə sahil xəttindən ayrılaraq təcrid olunması nəzərdə tutulur. Bununla da neftin, çirklənmiş suyun və tullantıların axınının qarşısını almaq mümkün olacaqdır.
Layihə çərçivəsində ərazinin qərb sahili boyunca bənd tikiləcək və bəndin üzərində magistral yol salınacaqdır. Bu yol bir tərəfdən Ziya Bünyadov prospekti, digər tərəfdən isə Balaxanı-Binəqədi şosesi ilə birləşəcək və şəhərin yol infrastrukturunun yükünü azaldacaqdır. Bənd formasında inşa olunacaq yol eyni zamanda 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarınadək gölün təmizlənəcək şərq hissəsini təcrid edəcəkdir.
Bundan başqa, ilkin mərhələdə Böyükşor gölünə axıdılan çirklənmiş sular Hövsan Aerasiya Stansiyasına istiqamətləndiriləcəkdir. Göldən çirklənmiş çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi, həmçinin ətrafdakı qeyri-qanunu zibilliklərin ləğv edilməsi planlaşdırılır. Böyükşor gölünün cənub sahilində çirkab suların qarşısı tamamilə alınacaq və burada geniş abadlıq-quruculuq işləri aparılacaq, park və yaşıllıqlar salınacaqdır. Gölün stadion istiqamətində çirklənmənin qarşısını almaq məqsədilə su kollektoru inşa olunacaq və göl qrunt sularından xüsusi metal lövhələrlə təcrid ediləcəkdir. Sahil xətti boyunca gəzinti bulvarının inşası və buradan stadion ərazisinə keçid nəzərdə tutulmuşdur.
Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ isə 2015-2020-ci illəri əhatə edəcəkdir. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq, suyu təmizlənəcək, ekosistem bərpa olunacaqdır.
Sonda layihə ilə bağlı müzakirələr aparılmış, iştirakçıların sualları cavablandırılmışdır.