ABŞERON YARIMADASININ İRİ MİQYASDA EKOLOJİ ELEKTRON XƏRİTƏSİ HAZIRLANMIŞDIR
Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, Abşeron yarımadasının neftçıxarma idarələrinin fəaliyyət zonalarında neftlə çirklənmiş torpaqlar, lay suları altında qalmış sahələrin və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin müəyyənləşdirilməsi ilə əlaqədar yarımadanın iri miqyasda (1:10000) ekoloji xəritəsinin təqdimatı keçirilmişdir.
ARDNŞ-in ekologiya üzrə vitse-prezidenti Muxtar Babayev, Ekologiya İdarəsinin rəisi Azər Əliyev elektron xəritənin hazırlanması “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər Planı”nda nəzərdə tutulmuşdur. Bildirilmişdir ki, xəritə Ekologiya İdarəsinin sifarişi ilə Beynəlxalq Ekoenergetika Akademiyasında hazırlanmışdır. Görülən işlər çərçivəsində NQÇİ-lərin ərazilərində monitorinq aparılmış, əldə edilmiş məlumatlar laboratoriya şəraitində analiz edilərək xəritəyə köçürülmüşdür. Dövlət Neft Şirkətinin mülkiyyəti hesab edilən xəritə ərazilərdə həyata keçirilən reabilitasiya işlərindən əvvəlki vəziyyəti əks etdirir və üstün cəhətlərindən biri coğrafi informasiya sistemində hazırlanmış xəritənin daim yenilənməyə və təkmilləşdirilməyə açıq olması, idarə edilə bilməsidir. Xəritə üzərində əsas işlərin ötən ilin sonunda başa çatdırıldığını deyən ARDNŞ Ekologiya İdarəsinin rəisi onun Dünya Bankı və Ekologiya İdarəsi tərəfindən müzakirə edildiyini, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də öz təkliflərini verdiyini diqqətə çatdırmışdır.
Layihənin əsaslandırılması haqqında məlumat verən Beynəlxalq Ekoenergetika Akademiyasının prezidenti Fəqan Əliyev Abşeron yarımadası ərazisinin adıçəkilən xəritədə kompleks tədqiq edildiyini qeyd edərək, əldə olunan informasiyaların burada öz əksini tapdığını bildirmişdir. Ümumilikdə 133 xəritənin hazırlandığını, onlardan 23-nün təqdim edildiyini bildirən F.Əliyev, xəritənin Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinin ekspertizasından keçdiyini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində müzakirə olunduğunu qeyd etmişdir.
Görüşdə AMEA-nın müvafiq institutlarının və qeyri-hökumət təşkilatları nümayəndələrinin iştirakı ilə geniş müzakirə aparılmışdır.