ADA Universiteti xarici diplomatlar üçün təlim kursu təşkil edir
Bakı, 17 noyabr, AZƏRTAC
ADA Universitetinin İxtisasartırma Proqramları noyabrın 19-27-də xarici diplomatlar üçün təlim kursu keçirəcək.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kursun məqsədi xarici diplomatlar və dövlət qulluqçularına Xəzər dənizi hövzəsi regionu haqqında müfəssəl məlumat verməkdir. Kurs müddətində iştirakçılar həmin regionun tarixi, mədəniyyəti, demoqrafik vəziyyəti, etnik və ərazi münaqişələri, ticari, iqtisadi əlaqələri, geosiyasi, regional təhlükəsizliyi və digər məsələlər barədə məlumatlandırılacaqlar.
Kursda Əfqanıstan, Argentina, Banqladeş, Bolqarıstan, Çin, Kolumbiya, Xorvatiya, Misir, Malayziya, Qətər, Rumıniya, Səudiyyə Ərəbistanı, Serbiya, İspaniya və Türkmənistanın Xarici İşlər nazirliklərində çalışan yüksək və orta çinli 16 diplomat iştirak edəcək.
Kursun təlimçiləri arasında ADA Universitetinin professor və tədqiqatçıları, o cümlədən Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Dövlət Neft Fondu, ölkədə akkreditə olunmuş səfirliklərin nümayəndələri və parlament üzvləri olacaq.
Kursun açılışında ADA Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev iştirak edəcək.
Proqram çərçivəsində iştirakçılar Azərbaycan Xarici İşlər Nazirliyində, Səngəçal terminalında olacaq, Şəki və Qəbələ regionlarına səfər edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:33]
XİN beynəlxalq təhlükəsizlik mühitində artan risklərlə bağlı bəyanat yayıb
- 08.06.2026 [23:27]