ADU-da “Qədim Praqanın əfsanələri və tarixi” fotosərgisi açılacaq
Bakı, 4 mart, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) martın 6-da Aydın Sadıxovun “Qədim Praqanın əfsanələri və tarixi” fotosərgisi təşkil olunacaq.
ADU-dan AZƏRTAC-a bildirilib ki, sərgidə şəhərin tarixini əks etdirən qədim binaların, küçələrin, qotik kilsələrin və mistik abidələrin fotoşəkilləri təqdim olunacaq. Fotoşəkillər tamaşaçılara qədim Yozefov məhəlləsinin tarixi, Qolem və onu yaradan Rabbi Levin məskunlaşdığı yer kimi təqdim olunmuş “Stara-Novaya” sinaqoqu, öldürülmüş rahibənin əfsanəsi haqqında danışacaq.
Sərgidə tamaşaçılar Kampa adasının Su adamını, əlkimyaçıların laboratoriyasını, Dəmir adamın - Yahim Berkanın ruhuna həsr olunmuş məşhur heykəli görəcək və indiyə qədər gecə saatlarında Praqanın küçələrində atla gəzən başsız cəngavər haqqında əfsanə ilə tanış olacaqlar.