ADU-da “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda elmi konfrans keçirilir
Bakı, 18 may (AZƏRTAC). Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr edilmiş “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda IV Respublika elmi konfransı keçirilir.
AZƏRTAC xəbər verir ki, alim və mütəxəssislərin, ali və orta məktəb nümayəndələrinin iştirak etdikləri konfransda ADU-nun rektoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov ulu öndər Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, Azərbaycan Prezidenti İlham Əliyevin bu sahə ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətini vurğulamışdır.
Ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından danışan rektor, eyni zamanda, rəhbərlik etdiyi ali məktəbdə təhsilin inkişafı, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üçün reallaşdırılan tədbirlər, qazanılan uğurlar barədə məlumat vermiş, qarşıda duran vəzifələri diqqətə çatdırmışdır.
Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov, Bakı Slavyan Universitetinin elmi işlər üzrə prorektoru, professor Məmməd Əliyev, Qafqaz Universitetinin tədris işləri üzrə prorektoru, professor Cihan Bulut və digər alimlər müasir qloballaşma şəraitində təhsilin önəmli rolundan bəhs etmiş, xarici dillərin dərindən öyrənilməsinin vacibliyini bildirmiş, konfransın əhəmiyyətini vurğulamışlar.
Sonra “Ali və orta məktəblərdə xarici dillərin tədrisinin psixo-pedaqoji əsasları və tədrisi problemləri”, “Xarici dillərin tədrisi prosesində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi və elektron dərsliklərdən istifadə yolları”, “Xarici dillərin tədrisində innovativ metodlar və yanaşmalar”, “Xarici dillərin tədrisində ədəbiyyatın rolu” üzrə bölmə iclaslarında müxtəlif mövzularda məruzələr dinlənilmiş, müzakirələr aparılmışdır.
Mayın 19-da başa çatacaq konfransa 150-dən çox məruzə təqdim olunmuşdur.
######
