ADU-nun Konfutsi İnstitutunun onlayn xəttatlıq müsabiqəsinə işlərin qəbulu davam edir
Bakı, 13 aprel, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun elan etdiyi onlayn xəttatlıq müsabiqəsinə işlərin qəbulu aparılır. Bu barədə AZƏRTAC-a ADU-dan məlumat verilib.
Müsabiqədə iştirak etmək üçün çenyu - dostluq və qarşılıqlı yardıma həsr edilmiş Çin atalar sözlərindən birini seçərək onu qələm və ya fırça ilə yazmaq lazımdır. Sonra xəttatlıq işinin şəklini çəkib və ya skan edib, müəllifin təhsil yeri, adı və soyadını göstərərək ADU Konfutsi İnstitutunun elektron ünvanına ( [email protected]) göndərmək lazımdır.
İşlər mayın 1-dək qəbul ediləcək. Ən yaxşı xəttatlıq işləri diplom və hədiyyələrlə təltif olunacaq.
Xatırladaq ki, koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi ilə əlaqədar ADU ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq, bütün fəaliyyətini onlayn sistemdə təşkil edir.