AFFA-NIN XI HESABAT KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 26-da Azərbaycan Futbol Federasiyası Assosiasiyasının (AFFA) XI hesabat konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə əklil qoymuşlar. Onlar Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər çiçəklər düzmüşlər.
Sonra Şəhidlər xiyabanına gedən futbol ictimaiyyətinin nümayəndələri Vətən uğrunda canlarından keçmiş qəhrəman Azərbaycan övladlarının məzarları üzərinə tər çiçəklər düzmüş, “Əbədi məşəl” kompleksinin önünə əklil qoymuşlar.
Konfrans işini AFFA-nın binasında davam etdirmişdir. Qurumun baş katibi Fuad Əsədov Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumat vermişdir. Ötən müddətdə ölkədə qadınlar, həvəskarlar, əlillər arasında, habelə uşaq, futzal və çimərlik futbolunun inkişafı istiqamətində görülən işlər yüksək qiymətləndirilmişdir. Qeyd olunmuşdur ki, FİFA və UEFA-nın yardımı ilə respublikanın müxtəlif bölgələrində 40 süni örtüklü mini-futbol meydançaları tikilərək gənc futbolçuların istifadəsinə verilmişdir.
Hesabatda AFFA-nın gəlir və xərcləri də əksini tapmışdır. Ötən il AFFA 5 milyon 759 min 777 manat vəsait xərcləmiş, 6 milyon 73 min 431 manat gəlir əldə etmişdir.
Konfrans qurumun 2006-cı ildə fəaliyyətini qənaətbəxş saymış, Nəzarət-Təftiş Komitəsinin hesabatı qəbul edilmiş, legioner limitinə dəyişikliklər olunmuş, “Simurq” futbol klubu AFFA-ya üzv seçilmişdir.
AFFA-nın 2007-ci il üçün büdcə layihəsi təsdiq olunmaqla yanaşı, növbəti konfransın 2008-ci il aprelin 26-da keçirilməsi qərara alınmışdır.