AĞACAN ABİYEV: PEKİN OLİMPİADASINA DAHA 3-4 LİSENZİYA QAZANMAQ FİKRİMİZ VAR
Pekin Olimpiadasına daha 3-4 lisenziya qazanmaq niyyətindəyik. Bununla belə deyə bilərəm ki, Afinada keçiriləcək sonuncu lisenziya xarakterli turnirdə Olimpiadaya 2-3 lisenziyanı qazanacağımıza əminəm.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Abiyev martın 5-də Gənclər və İdman Nazirliyində keçirilmiş mətbuat konfransında bildirmişdir.
Yığma komandanın məşqçiləri Nəriman Abdullayev, Əli İsmayılov və Pekin Olimpiya Oyunlarına lisenziya qazanmış Şahin İmranovun iştirakı ilə keçirilən konfransda, komandamızın son dövrlərdəki vəziyyəti, Çikaqoda dünya çempionatında uğursuzluq, Olimpiadaya hazırlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Federasiya prezidenti demişdir ki, İtaliyada keçirilmiş sonuncu lisenziya xarakterli turnirdə yığma komanda bacardığından zəif çıxış etmişdir. “Xüsusən bu turnirdə böyük ümidlər bəslənilən Ramal Amanov, Emil Məhərrəmov və Elçin Əlizadə lisenziya qazanmağa borclu idilər. Lakin Ramal Amanovun və Elçin Əlizadənin fiziki hazırlığının zəif olması, Emil Məhərrəmovun nokdauna düşməsi yığmamızın Peskarada cəmi bir medalla kifayətlənməsi ilə nəticələndi”, - deyə A.Abiyev vurğulamışdır.
Yığma komandaya cəlb olunmuş legionerlər - Əli Əliyev və David Arjba ilə yaranmış problemə toxunan A.Abiyev hər iki boksçunun növbəti lisenziya xarakterli turnirdə iştirakının təmin olunduğunu söyləmişdir.
######
