REGİONLAR
Ağalı sakini: Tezliklə öz torpaqlarımıza köçüb, firavan günlərimizi yaşayacağıq
Sumqayıt, 27 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Aprelin 26-da Prezident İlham Əliyevin iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində ilk “Ağıllı kənd” pilot layihəsinin təməlqoyma mərasimi keçirildi. Mən də o unudulmaz hadisənin iştirakçısı oldum. Bu layihənin ilk dəfə bizim kənddə icra olunması qürurvericidir.
Bu sözləri AZƏRTAC-ın müxbirinə Zəngilanın Ağalı kəndindən olan, Sumqayıta məcburi köçkün kimi pənah gətirən Elvin Əlizadə söyləyib.
İyirmi səkkiz ildən sonra ilk dəfə ata-baba yurduna, doğulduğu doğma torpağa ayaq basdığını söyləyən Elvin Əlizadə bildirib ki, ailəsi kəndi tərk edəndə 7 aylıq olub: “Babam 20 il kolxoz sədri olub. Atam daş ustası idi, demək olar ki, kəndimizin əksər evlərini o, öz əlləri ilə tikib. Bu evlərdən indi əsər-əlamət qalmayıb. Bu, çox kədərlidir. Amma buna baxmayaraq sevinirik ki, torpağımıza qayıtdıq”.
Prezident İlham Əliyevin Ağalıda sakinlərlə görüşündə iştirak edən Elvin Əlizadə deyib ki, mənfur düşmənin dağıtdığı kəndlərimiz indi ən müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyası əsasında bərpa olunur. Ağalı modern, şəhərtipli qəsəbə kimi olacaq. Burada ən yeni texnologiyalar tətbiq ediləcək. Bütün bunlar isə sakinlərin rahatlığına hesablanıb.
“Mən xoşbəxtəm ki, doğma yurduma Müzəffər Ali Baş Komandan İlham Əliyevlə birgə qədəm basdım. Bizi bu günlərə qovuşdurduğuna görə Prezidentimizə sonsuz minnətdaram. İnşallah tezliklə öz torpaqlarımıza köçüb, firavan günlərimizi yaşayacağıq”, - deyə Elvin Əlizadə vurğulanıb.