Ağaverdi Paşayev: Qəbələdə keçirilən beynəlxalq festivalın açılışında çıxış etməkdən məmnunuq
Qəbələ, 25 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Bədii rəhbəri olduğum Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri və Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xor qrupu Azərbaycanın dilbər guşəsi olan Qəbələdə ənənəvi olaraq keçirilən Beynəlxalq Musiqi Festivalında ilk dəfədir iştirak edir. Xoşbəxtəm ki, XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışında çıxış etmək bizim kollektivə nəsib olub. Biz bundan çox məmnunuq.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində kollektivin bədii rəhbəri və dirijoru, Xalq artisti, Əməkdar incəsənət xadimi Ağaverdi Paşayev deyib.
İndiyədək Azərbaycanda keçirilən müxtəlif beynəlxalq tədbirlərdə, həmçinin Şəki “İpək yolu” Beynəlxalq Musiqi Festivalında dəfələrlə iştirak etdiklərini vurğulayan Ağaverdi Paşayev deyib: “On dörd il əvvəl, 2009-cu ildə Qəbələdə ilk dəfə təşkil edilən beynəlxalq musiqi festivalına rəhbərlik etdiyim uşaq orkestri də dəvət almışdı. Mən həmin vaxt Azərbaycanda keçirilən digər beynəlxalq musiqi festivalında münsiflər heyətinin sədri olduğum üçün Qəbələ festivalında şəxsən iştirak edə bilmədim. Lakin uşaq orkestrim həmin festivalda bir nömrə ilə çıxış edib. Əminəm ki, builki festival da həm musiqisevərlərin, həm də Qəbələ sakinlərinin ürəyincə olacaq, onların zövqünü oxşayacaq”.