Ağcabədidə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilmişdir
Bakı, 19 yanvar (AZƏRTAC). Bu gün YAP Ağcabədi rayon təşkilatının binasında İcra Hakimiyyəti YAP ərazi ilk partiya təşkilatı idarə heyətinin, Gənclər Birliyinin, Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Qarabağ bölgəsi üzrə qərargahının təşkilatçılığı ilə 20 yanvar faciəsinə həsr edilmiş tədbir keçirilmişdir.
GTM-dən AZƏRTAC-a bildirmişlər ki, tədbiri YAP Ağcabədi rayon təşkilatının sədr müavini, aparat rəhbəri Nazim Bünyatov açmışdır. 20 yanvar şəhidlərinin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə YAP Qadınlar Şurasının üzvü Qəmzə Əkbərova demişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunları tərəfindən azadlıq mübarizəsinə qalxmış günahsız insanlar ağır texnika və avtomat silahlarla güllə-baran edilmiş, qanlı faciə törədilmişdir. Lakin bu qanlı aksiya insanları azadlıq mübarizəsindən çəkindirməmiş, əksinə 20 yanvarda tökülmüş qan Azərbaycanın müstəqilliyi uğrunda ölüm-dirim mübarizəsinə qalxmış azadlıq mücahidlərinin simvoluna çevrilmişdir.
Ağcabədi rayon İcra Hakimiyyəti YAP ərazi ilk partiya təşkilatının sədri Eldəniz Qənbərov qeyd etmişdir ki, 20 yanvarda xalqımız böyük bir faciə ilə üzləşsə də, özünün vətənə, torpağa sədaqətini, qəhrəmanlığını, azadlıq və müstəqillik uğrunda mübarizə əzmini, sarsılmazlığını, bir daha nümayiş etdirmişdir.
YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri Nazim Bünyatov vurğulamışdır ki, bu faciəyə ilk olaraq öz etirazını bildirən ulu öndər Heydər Əliyev olmuşdur. Həmin dövrdə Sovet imperiyasının rəhbərliyi tərəfindən təqiblərə məruz qalan Heydər Əliyev 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirmiş və baş verənlərlə bağlı açıqlama vermiş, xalqımıza qarşı törədilən cinayəti ifşa etmişdir.
Tədbirdə çıxış edən digər natiqlər də 20 Yanvar şəhidlərinin heç vaxt unudulmayacaqlarını vurğulamışlar.