REGİONLAR
Ağdam rayonunda xüsusi karantin rejimi qaydalarına riayət edilməsi ciddi nəzarətdə saxlanılır
Ağdam, 6 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Respublikamızın hər yerində olduğu kimi, cəbhə bölgəsində yerləşən Ağdam rayonunda da koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə xüsusi karantin rejimi qaydalarına riayət edilməsi ciddi nəzarətdə saxlanılır, sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün işlər davam etdirilir.
Ağdam Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yaradılmış mobil qruplar Quzanlı qəsəbəsində, məcburi köçkün qəsəbələrində və kəndlərdə sakinlərlə profilaktik söhbətlər aparır, əhalini karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirirlər. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək tövsiyə olunur, xüsusi karantin rejimi müddətində həm öz sağlamlıqlarını qorumaları, həm də cəmiyyətdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün vacib olmadıqda evdən çıxmamaları barədə xəbərdarlıq edilir. Rayon ərazisində karantin rejimi qaydalarına əməl etməyən sakinlər barəsində inzibati tədbirlər görülür. Təkcə aprelin 5-də karantin qaydalarını pozduğuna görə 11 piyada 12 sürücü cərimə olunub.
Rayon ərazisində yaşayan ahıl və tənha şəxslər evlərində ərzaq məhsulları və lazımi dərman preparatları ilə təmin olunur, onların arzu və istəklərinin yerinə yetirilməsi üçün tədbirlər görülür. İndiyədək 200 nəfərə yaxın imkansız ailəyə ərzaq yardımı edilib.
Ağdam rayonu ərazisində koronavirus infeksiyasının qarşısının alınması məqsədilə sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilir.