Ağdamlılar məcburi əməyin və insan alverinin qarşısının alınması ilə bağlı məlumatlandırılıblar
Bakı, 31 avqust, AZƏRTAС
Dövlət Miqrasiya Xidməti (DMX) davamlı olaraq, aidiyyəti dövlət orqanları ilə birgə qanunsuz miqrasiyanın, məcburi əməyin və insan alverinin qarşısının alınması istiqamətində regionlarda maarifləndirmə tədbirləri keçirir.
Xidmətin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, növbəti tədbiri Yevlax regional miqrasiya idarəsi Ağdamda “Tənzimlənməyən miqrasiya hallarına qarşı mübarizə və insan alveri” mövzusunda olub.
Rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin, hüquq mühafizə orqanlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbirdə DMX-nin fəaliyyəti, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkəmizdəki hüquqları, qeyri-qanuni miqrasiyanın qarşısının alınması ilə bağlı görülən işlər diqqətə çatdırılıb. Qanunsuz miqrasiyanın qarşısının alınmasının insan alverinə qarşı mübarizədə əhəmiyyəti vurğulanıb.
Həmçinin əcnəbilərin qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilməsi qaydaları, mərkəzə yerləşdirilən şəxslərin hüquqları və vəzifələri barədə də geniş məlumat verilib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.