AĞDAŞDA BƏDƏN TƏRBİYƏSİ VƏ İDMAN GÜNÜ TƏNTƏNƏ İLƏ QEYD OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 5 mart - Bədən Tərbiyəsi və İdman günü münasibətilə Ağdaş rayonunda silsilə tədbirlər keçirilmişdir.
Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada idman ictimaiyyətinin nümayəndələri və orta ümumtəhsil məktəblərinin bədən tərbiyəsi müəllimləri iştirak etmişlər. Tədbirdə ölkə Prezidenti İlham Əliyevin gənclərə olan diqqət və qayğısından, son illər respublikamızda bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində görülən işlərdən, əldə olunmuş nailiyyətlərdən danışılmışdır. “Sağlam bədəndə sağlam ruh olar”, “Gənclər bizim gələcəyimizdir” təşəbbüsünə Ağdaşda da böyük əhəmiyyət verildiyini qeyd edən natiqlər “Azərbaycan Respublikasında 2004-2008-ci illər ərzində bədən tərbiyəsi və idmanın inkişafı Dövlət Proqramı”nın yerlərdə uğurla icra olunduğunu, gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün rayonda lazımi maddi-texniki bazanın yaradıldığını və hazırda Olimpiya İdman Kompleksinin tikildiyini yüksək qiymətləndirmişlər.
Bayram münasibətilə bir sıra kütləvi bədən tərbiyəsi və idman tədbirləri də təşkil olunmuşdur. Uşaq və yeniyetmələr arasında karate-do üzrə rayon birinciliyi keçirilmişdir. Yarışda 100-dən artıq idmançı mükafatlar uğrunda mübarizə aparmışdır. Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.
50-yə yaxın gəncin iştirak etdiyi şahmat birinciliyinin qalibləri də mükafatlandırılmışlar.
Ağdaş Dövlət Humanitar Kollecinin idman zalında isə voleybol üzrə rayon birinciliyi keçirilmişdir. Rayonun orta ümumtəhsil məktəblərinin 1990-94-cü il təvəllüdlü voleybolçu qızları arasında keçirilən turnirdə 18 komanda iştirak etmişdir. İlk üç yeri tutan komandalara diplom və hədiyyələr verilmişdir.