AĞDAŞDA İRAN-AZƏRBAYCAN MÜŞTƏRƏK MÜƏSSİSƏSİ AÇILMIŞDIR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rafiq Niftəliyev çıxış edərək ölkədə sahibkarlığın inkişafına xüsusi diqqət yetirildiyini və sahənin dövlət qayğısı ilə əhatə olunduğunu qeyd etdikdən sonra bildirmişdir ki, rayonda da bu istiqamətdə ardıcıl iş gedir. “Orelay” şirniyyat sexinin işə düşməsi, “Ərəş” bazarının tikilməsi, “Arşın mal” məişət obyektinin açılması bu tədbirlərdəndir. Respublikanın Prezidenti İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyev kursunu layiqincə davam etdirməsi Azərbaycanda yeni-yeni istehsal sahələrinin, iş yerlərinin açılması ilə nəticələnir. Bu gün açdığımız B.İ.C.A. müştərək müəssisəsi də alıcılara 110 çeşiddən çox çörək məmulatı və şirniyyat təklif edəcəkdir.
Müəssisənin rəhbəri Hacı Fərhad Qəribov ölkədə, eləcə də rayonda sahibkarlığa yaradılmış şəraitdən razı qaldığını bildirmiş və göstərilən diqqət və qayğıya görə təşəkkür etmişdir.
Rəmzi qırmızı lent kəsildikdən sonra qonaqlar müəssisənin istehsal etdiyi çörək məmulatı və şirniyyatla tanış olmuşlar.
Müəssisədə 15 nəfər işlə təmin olunmuşdur. İlin sonunadək daha 60 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.
B.İ.C.A. müəssisəsində kollektivin üzvlərinə pulsuz nahar verilir.
Burada gələcəkdə “Ərəş” adlı dondurma da hazırlanacaq. Müəssisə öz məhsullarının satışını yeni açacağı firma mağazasında alıcılara təklif edəcəkdir.
Müəssisə, eyni zamanda, toy məclisləri, ad günləri, banketlər üçün şirniyyat məhsullarının sifarişini qəbul edir.