Ağdaşlı gənclər: qanlı qırğınlar yaddaşlardan silinməyəcək
Ağdaş, 31 mart, AZƏRTAC
Ağdaş rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə idarənin rəis müavini Samir İsrəfilov 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qanlı qırğından danışıb, on minlərlə günahsız insanın - qadınların, uşaqların, ahılların amansızcasına qətlə yetirildiyini bildirib.
Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, gənclər kitabxanasının müdiri Şəfa Soltanova, Heydər Əliyev Mərkəzinin işçisi Turanə Şıxalıyeva ermənilərin tarixboyu xalqımıza qarşı törətdikləri soyqırımı hadisələrdən danışıb, bu qanlı qırğınların yaddaşlardan silinməyəcəyini söyləyiblər.