Agentlik: 130-a yaxın məhkumun ilkin sosial-psixoloji qiymətləndirilməsi aparılıb
Bakı, 16 fevral, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin və Penitensiar xidmətin birgə əməkdaşlığı çərçivəsində cəza çəkməkdən azad edilməsinə 3 ay qalmış məhkum şəxslərlə ilkin sosial-psixoloji qiymətləndirmə işləri davam etdirilir.
Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin əməkdaşlıq çərçivəsində 2024-cü ildən etibarən 16 saylı cəzaçəkmə müəssisəsində sosial-psixoloji kabinet də yaradılıb.
Kabinetin məqsədi penitensiar müəssisələrdə cəza çəkən və cəzasının bitməsinə 3 ay qalmış şəxslərin azadlığa çıxdıqdan sonra cəmiyyətə asanlıqla uyğunlaşmasını təmin etmək, onların sosial-psixoloji adaptasiyasına dəstək olmaqdır.
Burada agentliyin əməkdaşları tərəfindən şəxsin sosial xidmətə olan tələbatı qiymətləndirilir, şəxsin ehtiyaclarına uyğun olaraq sosial-psixoloji, sosial-hüquqi və sosial-məsləhət yardımı göstərilir.
Sosial Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən ötən il həmin kateqoriyadan olan 82, 2024-cü ildən bu günədək isə 130-a yaxın şəxslə qiymətləndirmə aparılıb.
Növbəti mərhələdə sosial-psixoloji kabinetlərin sayının artırılaraq digər cəzaçəkmə müəssisələrini də əhatə etməsi nəzərdə tutulur.