Ağırlıqqaldırma ictimaiyyətinin nümayəndələri ilə görüş keçirilib
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə ağırlıqqaldırma ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Federasiyadan AZƏRTAC-a bildirilib ki, Ağır Atletika Akademiyasında baş tutan tədbirdə ölkəmizdə fəaliyyət göstərən məşqçilər, hakimlər və digər mütəxəssislər iştirak ediblər. Federasiya prezidenti qeyd edib ki, görüşdə məqsəd paytaxt və regionlarda çalışan mütəxəssislərlə söhbət edərək çətinliklərini dinləmək, ağırlıqqaldıranlarımızın gələcəkdə daha böyük uğurlara imza atması üçün lazım olan addımların atılması istiqamətində fikir mübadilə etməkdir.
Federasiyanın vitse-prezidenti Firdovsi Umudovun da iştirak etdiyi tədbirdə problemlər səsləndirilib, rəy və təkliflər bildirilib, ağırlıqqaldırma idmanının inkişafının davam etməsi üçün bir ailə olmağın, vahid fəlsəfə və strategiya üzrə hərəkət edilməsinin vacibliyi vurğulanıb.
İclasdan sonra federasiya rəhbərliyi davam edən gənclər arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyini də izləyib.