Ağstafada 31 mart - Azərbaycanlıların Soyqırımı Günü qeyd olunmuşdur
Ağstafa, 31 mart (AZƏRTAC). Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Lalə Eyyubova açaraq 1918-ci ilin 31 mart tarixində azərbaycanlılara qarşı törədilmiş misli görünməmiş soyqırımı barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırımı və deportasiya siyasəti 1918-1920-ci illərdə xüsusən genişlənmişdir. Həmin illərdə ermənilərin Azərbaycanda törətdikləri milli qırğınla bağlı, tarixi sənədlərdəki faktlar Şamaxıda, Qubada, Zəngəzur qəzasında, Qarabağ, İrəvan quberniyalarında və Bakı şəhərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərin talan edilərək dağıldığını sübut edir. Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da, 1918-ci ilin mart hadisələrinin 80-ci ildönümü ərəfəsində, imzaladığı Fərmanda erməni millətçiləri tərəfindən törədilmiş hadisələrə siyasi qiymət verilmişdir. Fərman XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı barədə indiki və gələcək nəsillərdə möhkəm milli yaddaşın formalaşdırılması, dünyada bu hadisələrə düzgün siyasi və hüquqi qiymət verilməsi, belə halların qarşısının alınması və bir daha təkrarlanmaması üçün proqram mahiyyətli sənəd olmuşdur.
Daha sonra rayon təhsil şöbəsinin məsləhətçisi Əli Cəfəroğlu, “Ağstafa” qəzetinin baş redaktoru İbrahim Əliyev, Qarahəsənli kənd orta məktəbinin tarix müəllimi Azər Hüseynov, Heydər Əliyev Mərkəzinin elmi işçisi Layiq Qələndərov çıxış edərək bu hadisələr zamanı azərbaycanlıların yaşadığı 150-dən çox kəndin xarabalığa çevrildiyini, yüz minlərlə azərbaycanlının qətlə yetirildiyini, yüzlərlə tarixi abidənin və məscidin yandırılaraq dağıdıldığını diqqətə çatdırmışlar.