Ağstafada aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha, imkansız şəxslərə yardım edilib
Ağstafa, 7 aprel, AZƏRTAC
Ağstafa Aqrar Sənaye Kompleksi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağstafa rayon Şöbəsi ilə birgə yardım aksiyası keçirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində Ağstafa rayonu üzrə müəyyən olunmuş siyahı əsasında aztəminatlı ailələrə və 65 yaşdan yuxarı tənha, imkansız şəxslərə 1 aylıq tələbata uyğun müxtəlif ərzaq məhsullarından ibarət yardım sovqatları paylanıb.
Yüzdən çox ailənin yardım aldığı aksiya zamanı onlara yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı qorunmaları və evdə qalmaları barədə izahlar verilib və bu barədə məlumat vərəqələri də sovqatlarla bərabər təqdim edilib.
Yardım alanlar karantin günlərində onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və aksiya nümayəndələrinə minnətdarlıqlarını bildiriblər.
Dövlət başçısının ölkəmizdə virusa yoluxma hallarına qarşı mübarizə məqsədi ilə aparılan preventiv və profilaktik tədbirlərin gücləndirilməsi barədə çağırışına dəstək olaraq sosial həmrəylik nümayiş etdirmək məqsədilə həyata keçirilmiş xeyriyyə kampaniyası koronavirus infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejiminin qaydalarına əməl olunması və #evdeqal çağrışının təmin edilməsi məqsədilə təşkil olunub.