AHİK İCRAİYYƏ KOMİTƏSİNİN YIĞINCAĞI KEÇİRİLMİŞDİR
Konfederasiyadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, yığıncaqda 2004-2005-ci illər üçün sahə (tarif) saziş və kollektiv müqavilələr bağlanarkən həmkarlar ittifaqlarının tövsiyələri, Azərbaycan həmkarlar ittifaqlarının 2003-cü ildə respublikanın Silahlı Qüvvələrinə hamilik işi, Azərbaycan həmkarlar ittifaqları mükafatlarının C.Naxçıvanski adına hərbi litseyin kursantlarına verilməsi və digər məsələlər müzakirə olunmuşdur.
Çıxış edənlər 2004-2005-ci illərdə mövcud iş yerlərinin saxlanılmasının, işçilərin məşğulluğunun və peşə hazırlığının artırılmasının, gender bərabərliyininin təmin edilməsinin zəruriliyindən, işçilərin əmək hüquqlarının mühafizəsinin gücləndirilməsi, uşaq əməyi problemlərinin həll edilməsi, zəhmətkeşlərin sağlamlığının və tibb xidmətinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, konfederasiyaya üzv olan təşkilatların hərbi hissələrdə keçidikləri tədbirlərin əhəmiyyətindən, 1904-cü ildə Bakıda neft sahibkarları ilə fəhlələr arasında imzalanmış müqavilənin yubleyinin keçirilməsinə hazırlıq işlərindən və digər məsələlərdən danışmışlar. Qeyd olunmuşdur ki, 2003-cü ildə bir sıra hərbi hissələrdə kütləvi tədbirlər keçirilmiş, hərbi xidmətdə olan əsgər, çavuş, gizir və zabitlərə mənəvi-maddi yardım olunmuşdur. Təşkilatlar tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna xeyli vəsait köçürülmüşdür.
Yığıncaq AHİK-in icrayyə komitəsinin və aparatının 2004-cü ilin yarımillik iş planının təsdiqi barədə qərar qəbul etmişdir. Qərarda göstərilir ki, həmkarlar ittifaqları saziş və kollektiv müqavilələrin bağlanmasına öz köməyini davam etdirməli, hərbi hissələrlə əlaqələri daha da genişləndirməli, C.Naxçıvanski adına hərbi litseyə hamilik işləri daha da gücləndirilməlidir.