Aİ məhkəməsi FIFA və UEFA-nın əleyhinə qərar çıxarıb
Bakı, 21 dekabr, AZƏRTAC
Avropa superliqasının yaradılmasının bloklanması üzrə Beynəlxalq Futbol Federasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) hərəkətləri rəqabət haqqında qanuna ziddir.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Ədalət Məhkəməsinin qərarında deyilir.
2021-ci il aprelin 19-da İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Tottenhem", "Liverpul", "Çelsi" və "Arsenal", İspaniyanın "Barselona", "Atletiko" və "Real", İtaliyanın "Milan", "İnter" və "Yuventus" klubları Superliqanın yaradıldığını elan ediblər. Azarkeşlərin sərt etirazından, FIFA və UEFA-nın sanksiya hədəsindən sonra Superliqada yalnız "Real Madrid", "Barselona" və "Yuventus" komandaları qalıb. 2021-ci il mayın 7-də UEFA qalan doqquz klubla barışıq elan edib, həmçinin Superliqa yaratmaq fikrinə qayıdılacağı təqdirdə tətbiq ediləcək sanksiyaların siyahısını dərc edib. 2023-cü ilin iyulunda "Yuventus" Superliqa layihəsindən çəkilmə prosesinə başlayıb.
2021-ci ilin mayında Aİ məhkəməsi Superliqanın rəqabət qaydalarının pozulması ilə bağlı şikayətini qeydə alıb.
Bundan əvvəl İspaniya “La Liqa”sının prezidenti Xavyer Tebas Avropa məhkəməsinin sözügedən məsələ ilə bağlı qərarı ərəfəsində fikirlərini bölüşüb.
Jurnalist Ben Ceykobs “X” sosial şəbəkəsində Tebasın sözlərini sitat gətirib: “Məsələnin həlli yoluna gəlincə, bu və ya digər şəkildə Florentino Peres həmişə qalib gəlir. O, 2003-cü ildən bu layihə üzərində işləməyə başlayıb. Nəticə onun üçün çox yaxşı ola bilərdi. Mənim üçün məhkəmə hökmündən asılı olaraq, bu, yaxşı nəticə olmaya bilər, amma cənab Peres üçün həmişə yaxşı olacaq, çünki o, heç vaxt uduzmur. O, yəqin ki, məhkəmə qərarından asılı olmayaraq, müsbət açıqlama verəcək...
Bir hüquqşünas kimi düşünürəm ki, məhkəmə qərarı uzunmüddətli olacaq. Amma nəticədən asılı olmayaraq, Peres üçün 100 faiz əlverişli olmasa belə, o, bu qərarda da müsbət bir məqam tapacaq. Amma mənim Avropa Superliqasına baxışım dəyişmədi. Əvvəllər deyirdim ki, o, səhər saat dörddə barda- salfetin arxasında yaradılıb... indi düşünürəm ki, bunu səhər altıda ediblər!”