ELM VƏ TƏHSİL
Akademik İsa Həbibbəyli: COP29 elmi təfəkkürdə yeniliklər yaradıb
Bakı, 12 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29-la bağlı genişmiqyaslı tədbirlər həyata keçirilir. İstər COP29, istərsə də “Yaşıl dünya naminə həmrəylik ili” Azərbaycanda cəmiyyət həyatının müxtəlif sahələrini, məsələn, iqtisadiyyatı dəyişdiyi kimi, elmi təfəkkürdə də yeniliklər yaradıb.
Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti akademik İsa Həbibbəyli söyləyib. Alim qeyd edib ki, bizim iqtisadi sahədə yaşıl enerji haqqında olan biliklərimiz iki il əvvəl utopiya kimi səslənə bilərdi: “Amma bu gün Azərbaycanda bərpaolunan enerji olduğunu hər kəs bilir və dövlət səviyyəsində həmin mənbələrdən istifadə olunması istiqamətində işlər davam edir. Elmə gəldikdə isə, yaşıl enerjini izah edən, şərtləndirən, istiqamətləndirən yeni sahə - yaşıl energetika əmələ gəlib. Bu gün yeni anlayışlar formalaşıb. Məsələn, yaşıl artım, yaşıl kimya, yaşıl bacarıqlar haqqında danışırlar. Dünya elə bil ki, yeni sivilizasiyaya yaşıl işıq yandırıb”.
COP29-un əhəmiyyətinə toxunan AMEA rəhbəri qeyd edib ki, bu tədbirin Azərbaycanda keçirilməsi ölkənin iqtisadiyyatını, cəmiyyətin müxtəlif sahələrini, eyni zamanda, təfəkkürü inkişaf etdirir, zənginləşdirir, dəyişir.
“Düşünürəm ki, COP29-un gətirdiyi yaşıl hərəkat yeni bir sivilizasiyaya yaşıl işıqdır. Bu hərəkatın respublikamızda baş verməsi, Prezident İlham Əliyevin apardığı böyük siyasət nəticəsində Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmizin yeni sivilizasiya hərəkatının önündə gedənlərdən biri olduğunu, bu hərəkata hətta istiqamət verdiyini göstərən faktlardan biridir. Düşünürəm ki, bu mənada “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 Azərbaycanı dünyada sivilizasiya mərkəzlərindən biri kimi, yeni sivilizasiyanı yaradan mərkəzlərin biri kimi tanıdacaq”.