Akademik Vahid Hacıyevin 95 illiyi qeyd olunub
Bakı, 14 fevral, AZƏRTAC
Botanika İnstitutunda görkəmli botanik alim, Əməkdar elm xadimi, akademik Vahid Hacıyevin 95 illiyinə həsr olunan tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbir iştirakçıları II Fəxri xiyabanda görkəmli alimin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Botanika İnstitutunda davam edən tədbirdə müəssisənin baş direktoru professor Səyyarə İbadullayeva Vahid Hacıyevin həyat və fəaliyyətindən, ölkəmizdə botanika elminin inkişafındakı xidmətlərindən danışıb. Qeyd edib ki, alim əmək fəaliyyətinə 1952-ci ildən Azərbaycan Elmlər Akademiyasının Botanika İnstitutunda baş elmi işçi kimi başlayıb. Vahid Hacıyev 1952-ci ildə namizədlik, 1966-cı ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1970-ci ildə professor adını alıb. O, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.
Vahid Hacıyevin çoxillik ardıcıl və məqsədyönlü elmi fəaliyyəti əsasən Böyük və Kiçik Qafqazın, eləcə də Azərbaycanın yüksək dağ çəmənlərinin hərtərəfli və dəqiq geobotaniki tədqiqini əhatə etməklə, ölkəmizdə bu elm sahəsinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Görkəmli alim geobotanikanın ən müxtəlif sahələrinə, o cümlədən rayonlaşdırma, xəritələşdirmə, təsnifat, bitki ehtiyatları və onların qorunması məsələlərinə öz əsərlərində geniş yer ayırıb. O, botanikanın digər sahələrindən - floranın sistematikası, bitki örtüyünün, faydalı bitki ehtiyatlarının, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin öyrənilməsi problemləri ilə davamlı məşğul olub.
Vahid Hacıyevin tədqiqatlarının 350-dən artıq məqalədə və 12 monoqrafiyada öz əksini tapdığını deyən institutun baş direktoru alimin fəaliyyətinin hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyini söyləyib.
Tədbirdə çıxış edənlər alimlə bağlı xatirələrini bölüşüblər.
Sonda Vahid Hacıyevə həsr olunan sənədli film nümayiş etdirilib.