AKADEMİK ZƏRİFƏ ƏLİYEVA ADINA ORTA MƏKTƏB İLƏ TANIŞLIQ
AZƏRTAC xəbər verir ki, sentyabrın 7-də Prezident İlham Əliyev Cəlilabad şəhərindəki akademik Zərifə Əliyeva adına orta məktəbdə olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məktəbin həyətindəki abidəsi önünə gül dəstəsi qoydu.
Məlumat verildi ki, 1100 şagird yeri olan bu məktəb binası Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa edilmiş, ötən ilin sentyabrında istifadəyə verilmişdir. Üç və dördmərtəbəli tədris korpuslarından ibarət təhsil ocağı ən müasir avadanlıqla təchiz edilmişdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətlərini əks etdirən fotoguşə vardır.
Kompyuter otağı ilə tanış olan dövlətimizin başçısına bildirildi ki, internet şəbəkəsinə qoşulmuş kompyuterlər uşaqların müasir informasiya-kommunikasiya texnologiyaları sahəsində biliklərə yiyələnmələrində mühüm rol oynayacaqdır.
Məktəbin sonuncu mərtəbəsində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya həsr olunmuş fotoguşə yaradılmışdır.
Dövlətimizin başçısı burada latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunmuş müxtəlif ədəbiyyatla təmin edilmiş kitabxanaya və Heydər Əliyev elektron kitabxanasına baxdı.
Prezident İlham Əliyev ayrı-ayrı fənn kabinetlərini, sinif otaqlarını və örtülü idman salonunu gəzdi, tədris işinin yüksək səviyyədə təşkili ilə bağlı tövsiyələrini bildirdi.
######
![]() |
![]() |

