Akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilən seminar keçiriləcək
Bakı, 8 sentyabr, AZƏRTAC
Sentyabrın 9-da akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilən “Regionlarda oftalmologiyanın aktual məsələləri” mövzusunda elmi seminar keçiriləcək.
Akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a verilən məlumata görə, Mərkəzin direktoru, professor Elmar Qasımovun rəhbərliyi ilə keçiriləcək seminarın məqsədi region həkimləri ilə oftalmologiyaya dair qarşılıqlı fikir və təcrübə mübadiləsinin aparılmasının təmin edilməsidir.
Milli Oftalmologiya Mərkəzinin Şəki filialında təşkil ediləcək seminarda “Akademik Z.Əliyeva adına MOM Şəki filialının regionda rolu, gecikdirilmiş kataraktalar və baş verə biləcək fəsadlar”, “Qapalı bucaqlı qlaukoma haqqında nə bilməliyik? Əsas məqamlar”, “Şəki filialında vitreoretinal xəstəliklərin müalicəsi”, “Göz qapaqlarının bədxassəli törəmələri”,“Kataraktanın ekstraksiyası əməliyyatından sonrakı qalıq refraksiyanın Eksimer lazerlə korreksiyası”, “Göz travmalarına düzgün yanaşma taktikası”, “Buynuz qişa xəstəlikləri və keratoplastika”, “Şəki şəhərində çəpgözlük diaqnozu ilə aparılan müayinə və müalicələrin nəticəsi” kimi mövzularda təqdimatlar ediləcək.
Xatırladaq ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının açılışı 2019-cu il oktyabrın 26-da olub. Beynəlxalq standartlara cavab verən, müasir diaqnostik avadanlıqlarla təchiz olunmuş filialda oftalmologiyanın bütün sahələrini əhatə edən yüksəkixtisaslı mütəxəssislər fəaliyyət göstərərək regiondakı əhaliyə daha keyfiyyətli, əlçatan və operativ tibbi xidmət göstərir.