Akkan Suver: Humanitar Forum dünyada davamlı sülh və inkişaf yollarının axtarıldığı məkandır
Ankara, 14 noyabr, AZƏRTAC
Mən Bakı Beynəlxalq Humanitar Forumunun ən fəal iştirakçılarından biriyəm. Humanitar Forum həm öyrətmək, həm də öyrənmək məkanıdır.
Bu fikri AZƏRTAC-a açıqlamasında Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver söyləyib.
Bakı Forumunun beynəlxalq səviyyəli sülh və dialoq platforması olduğunu diqqətə çatdıran professor deyib ki, artıq dünyanın görkəmli elm adamlarının, ictimai-siyasi xadimlərinin özləri də ənənəvi Bakı forumlarının davamlı iştirakçıları olmaqda maraqlıdırlar.
Prezident İlham Əliyevin oktyabrda keçirilmiş VI Bakı Beynəlxalq Humanitar Forumunun açılışındakı nitqində qaldırılan məsələlərin təkcə Azərbaycan üçün yox, sülhsevər dünya üçün əhəmiyyət daşıdığını diqqətə çatdıran Akkan Suver deyib: “Azərbaycan fərqli dinlərin və millətlərin birlikdə sülh və qardaşlıq şəraitində mehriban şəkildə yaşadıqları bir ölkədir. Prezident İlham Əliyev Forumdakı nitqində yer alan mühüm mesajlarla bir daha dünya ictimaiyyətinə çatdırdı ki, bütövlükdə Qafqazda olduğu kimi, dünyanın hər yerində sülh üfüqlərinin yaranmasına ehtiyac var. Sülh və sabitlik hər şeydən əvvəl bəşəriyyəti ağır faciə və fəlakətlərdən qorumaq üçün vacibdir. Bu mənada, Bakı Forumu dünyada davamlı sülh və inkişaf yollarının axtarıldığı məkandır. Bu Forum ayrı-ayrı sahələrə dair mövcud vəziyyətlərin müzakirəsindən daha irəli gedərək dəyərli ideyaların tətbiqi yollarının axtarılması mərhələsinə gəlib çatıb”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara