İDMAN
Akrobatika gimnastikası üzrə yığmanın məşqçisi: Dünya çempionatında yenidən fəxri kürsüdə yer almaq istəyirik
Bakı, 18 sentyabr, AZƏRTAC
“Ölkəmizin bayrağını beynəlxalq arenada dalğalandırdığımız və himnimizi səsləndirdiyimiz üçün qürur hissi keçiririk”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Portuqaliyanın Qimarayeş şəhərində keçirilmiş dünya yaş qrupları yarışları və gənclər arasında dünya çempionatında qızıl medal qazanmış akrobatika gimnastikası üzrə Azərbaycanın millisinin məşqçisi Leyla Əliyeva deyib.
O, uzun müddətdir bu turnirə hazırlaşdıqlarını bildirib: “Əlbəttə ki, qazandığımız bu uğura görə çox xoşbəxtik. Prezident İlham Əliyev və Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban xanım Əliyevanın idmana qayğısı və diqqəti sayəsində buna nail ola bilmişik. Ancaq yarışlarımız hələ bitməyib. Bizi sabah böyüklər arasında dünya çempionatı gözləyir. Ümid edirik ki, bu yarışda da gimnastlarımız öz uğurlu çıxışları ilə hər kəsi sevindirməyi bacaracaqlar”.
Böyüklərdən ibarət yığmada da məşqçi kimi fəaliyyət göstərən L.Əliyeva bu komanda ilə də fəxri kürsüdə yer almaq istədiklərini söyləyib: “2 ildən bir keçirilən bu yarışda dünyanın ən güclü akrobatları mübarizə aparırlar. Biz də öz növbəmizdə çempionata yüksək səviyyədə hazırlaşmışıq. Federasiyanın göstərdiyi yüksək dəstək sayəsində bizə bəslənən ümidləri doğruldacağımıza inanırıq. Ümid edirəm ki, Vətənə çoxlu medalla qayıdacağıq. Həmçinin hazırkı dünya çempionatı 4 ildən bir keçirilən və gələn il Çinin Çenqdu şəhərində təşkil olunacaq Dünya Oyunlarına təsnifat xarakter daşıyır. Yarışlarda komandamızın şansları yüksək qiymətləndirilir. İstər qarışıq cütlük, istər kişi cütlüyü, istərsə də kişi qrupunda iştirak edən gimnastlarımız bu mötəbər yarışa lisenziya qazana biləcək gücdədirlər. İnanırıq ki, Dünya Oyunlarına vəsiqə əldə edib azarkeşlərimizi sevindirəcəyik”.
Qeyd edək ki, böyüklər arasında dünya çempionatı sentyabrın 19-22-də təşkil olunacaq.