Aktauda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir
Aktau, 21 yanvar (AZƏRTAC). Ölkəmizin Aktaudakı Baş konsulluğu Mangistau vilayətindəki “Dostluq” Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə 20 Yanvar faciəsinə həsr olunmuş anma mərasimi keçirmişdir.
Mərasimdə vilayətdə yaşayan diasporumuzun üzvləri, digər diaspor təşkilatlarının rəhbərləri, tanınmış ziyalılar, müharibə və əmək veteranları, jurnalistlər iştirak etmişlər.
İştirakçılar 20 Yanvarla bağlı fotostendə baxmış, kitablardan ibarət sərgi ilə tanış olmuşlar.
Əvvəlcə 20 Yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycanın Aktau şəhərindəki baş konsulu Rəşad Məmmədov 20 Yanvar faciəsinin yaranma səbəbləri haqqında məlumat vermiş, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin heç vaxt unudulmayacağını bildirmişdir.
AMM-in sədri, professor Yusif Quliyev, onun müavini Vaqif Əliyev, diasporumuzun üzvləri - istefada olan polkovnik Bəxtiyar Məsimov, şair Rövşən Həsənov 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin şərəfli səhifələrindən biri olduğunu diqqətə çatdırmışlar.
Qazaxıstan Xalqları Assambleyasının Manqistau vilayəti komitəsinin sədri Nuxancan Kamalov, Dağıstan xalqları milli-mədəni mərkəzinin sədri Yusup Şaxşayev, “Samur” ləzgi milli-mədəni mərkəzinin sədri Hacı Səlimov çıxış etmiş, 20 Yanvarın təkcə azərbaycanlıların deyil, Azərbaycanda və regionda yaşayan digər xalqların da faciəsi olduğunu bildirmişlər. Qeyd olunmuşdur ki, 20 Yanvar faciəsi keçmiş SSRİ-nin süqutunda əsas rol oynamışdır.
Sonra 20 Yanvar faciəsi ilə bağlı film nümayiş etdirilmiş, şəhidlərin ruhuna dualar oxunmuş, ehsan verilmişdir.
Faciə ilə bağlı Aktube, Atırau və Qərbi-Qazaxıstan vilayətlərində fəaliyyət göstərən azərbaycanlıların diaspor təşkilatları da mərasimlər keçirmiş, Baş konsulluq tərəfindən vilayətlərdəki diaspor təşkilatlarına lazımi təbliğat materialları və 20 Yanvar hadisələrinə həsr olunmuş sənədli film göndərilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Aktau