İDMAN
Albaniya klubuna keçən azərbaycanlı futbolçu: Uzun müddət Avropada oynamaq istəyirəm
Bakı, 19 sentyabr, AZƏRTAC
“Albaniyada ölkəmi layiqli şəkildə təmsil etmək istəyirəm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Albaniyanın “Bilis” klubuna keçən azərbaycanlı futbolçu Amil Yunanov deyib.
O, ilk dəfə legioner həyatı yaşayacağı üçün xoşbəxt olduğunu bildirib: “Hər zaman xarici klublarda oynamağı arzulayırdım. Nəhayət, qismət oldu. Heç nə üçün gec deyil. Uzun müddət Avropada qalmaq istəyirəm”.
31 yaşlı futbolçu “Bilis” klubundan təklif gələndə bir neçə oyunçudan ölkə və liqa barədə məlumat aldığını söyləyib: “Vaxtilə Azərbaycanda oynamış albaniyalı oyunçulardan, eləcə də burada forma geyinmiş dostlarımdan informasiya topladım. Hər kəs seçimimin doğru olacağını söylədi”.
A.Yunanov Albaniya təmsilçisində özünü yaxşı tərəfdən göstərib yenidən Azərbaycan millisinə dəvət almaq istədiyini vurğulayıb: “Hər bir futbolçu yığmanın formasını geyinmək istəyər. Mənim də bununla bağlı arzularım var. Özümü yaxşı tərəfdən göstərib yığmada yer almaq istəyirəm”.
Qeyd edək ki, Amil Yunanov “Bilis”lə 1 illik müqavilə imzalayıb.