Almaniyada 20 Yanvar faciəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir
Berlin, 20 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Almaniyadakı səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, yanvarın 20-də səfirlikdə 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir. Tədbirdə kənd təsərrüfatı naziri İsmət Abasov, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, “Beynəlxalq Yaşıl Həftə-2012” sərgisi çərçivəsində Berlində səfərdə olan Azərbaycandan gəlmiş digər qonaqlar, Almaniyanın siyasi və ictimai dairələrinin nümayəndələri, eləcə də bu ölkədəki diasporumuzun üzvləri iştirak etmişlər. Tədbirdən əvvəl səfirlik tərəfindən 20 Yanvar hadisələri ilə bağlı ətraflı məlumatları əks etdirən mətbuat məlumatı yayılmışdır.
Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov Qanlı Yanvar faciəsi barədə ətraflı məlumat vermiş, bu hadisələrin Azərbaycanın müstəqilliyə doğru yolunda oynadığı roldan danışmış və 20 Yanvarın xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldığını bildirmişdir. Səfir ümummilli lider Heydər Əliyevin bu hadisələr zamanı nümayiş etdirdiyi əsl vətəndaşlıq mövqeyindən geniş bəhs etmişdir.
Kənd təsərrüfatı naziri İsmət Abasov 20 Yanvar hadisələri ilə bağlı xatirələrini danışmış, sovet ordusunun Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayətləri diqqətə çatdırmışdır. Nazir əsas cinayətkarların hələ də azadlıqda olmasından təəssüfləndiyini, lakin onların gec-tez cəzalarına çatacaqlarına əminliyini bildirmişdir. İ.Abasov ümummilli lider Heydər Əliyevin məlum hadisələr zamanı göstərdiyi fədakarlığı xüsusi vurğulamışdır. Sonra iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov 20 Yanvar hadisələri barədə fikirlərini iştirakçılarla bölüşmüşdür.
Çıxışlardan sonra tədbir iştirakçıları 20 Yanvar hadisələrini əks etdirən sərgi ilə tanış olmuşlar. Alman dilində izahlarla tərtib olunmuş sərgi böyük maraqla qarşılanmışdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin