Almaniyada keçirilən konfransda Azərbaycandakı tolerant və multikultural mühitdən danışılıb
Bakı, 17 noyabr, AZƏRTAC
ATƏT-in antisemitizm üzrə Berlin Bəyannaməsinin qəbul edilməsinin 10 illiyi ilə əlaqədar Almaniyanın paytaxtında keçirilən konfransda Azərbaycandakı mövcud tolerant və multikultural mühit haqqında məlumat verilib.
AZƏRTAC xəbər verir ki, konfransda müzakirə olunan əsas məsələ müasir dövrdə antisemitizmin yayılmasının qarşısının alınması olub.
ATƏT regionundan siyasi liderlərin, hökumət və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirə Almaniyanın Xarici İşlər Nazirliyi ev sahibliyi edib.
Konfransda çıxış edən Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer deyib ki, bu yay bir çox Avropa ölkələrində baş verən hadisələr antisemitizmə qarşı mübarizənin zəruri olduğunu göstərir.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi Etibar Nəcəfov konfransın “Sözdən fəaliyyətə: Müasir antisemitizmin qarşısının alınması” adlı paneldə çıxış edərək ölkəmizdə heç vaxt antisemitizmin olmadığını bildirib. O, yəhudilərin əsrlərdir Azərbaycanda məskunlaşdıqlarını, sülh, dostluq şəraitində yaşadıqlarını, ölkəmizin inkişafında, erməni təcavüzkarlarına qarşı mübarizədə böyük rol oynadıqlarını söyləyib.
Multikulturalizmin Azərbaycanın dövlət siyasəti olduğunu qeyd edən E.Nəcəfov ölkədə yaşayan bütün milli azlıqların, o cümlədən yəhudilərin etnik-mədəni dəyərlərinin qorunması və inkişafı istiqamətində dövlətin həyata keçirdiyi işlər haqqında məlumat verib. O, həmçinin Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin Azərbaycanda multikulturalizm dövlət siyasətinin həyata keçirilməsi sahəsində gördüyü işlərdən bəhs edib.
Panelə moderatorluq edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktoru Maykl Corc Linkin iştirakçılara ünvanladığı “Avropada antisemitizmin qarşısını necə almaq olar?” sualına E.Nəcəfov belə cavab verib: “Antisemitizmə qarşı mübarizə aparmaq istəyən hər bir ölkə Azərbaycanın təcrübəsindən yararlansa yaxşı olar.”