ALMANİYANIN BADEN-VÜRTEMBERQ VİLAYƏTİNİN NÜMAYƏNDƏ HEYƏTİ AZƏRBAYCANA GƏLƏCƏKDİR
Almaniyanın ölkəmizdəki səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, sentyabrın 22-24-də Baden-Vürtemberq vilayəti iqtisadiyyat nazirinin müavini Hans Froydenberqin rəhbərliyi ilə nümayəndə heyəti Bakıda səfərdə olacaqdır.
Nümayəndə heyətinə tikinti, aviasiya, təbabət, ölçü cihazları, toxuculuq və s. sahələri əhatə edən 11 müəssisəsinin nümayəndələri daxildir.
Səfər Azərbaycan müəssisələri ilə əlaqələr yaratmaq və ölkəmizlə potensial əməkdaşlıq imkanlarını öyrənmək məqsədi daşıyır.
Sentyabrın 23-də “Park İNN” mehmanxanasında Almaniyanın Azərbaycandakı səfirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Almaniya-Azərbaycan İqtisadi Birliyinin (DAWF) təşkilatçılığı ilə IX Azərbaycan-Almaniya biznes forumu və əməkdaşlıq birjası keçiriləcəkdir.
Hans Froydenberqin Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev, iqtisadi inkişaf naziri Heydər Babayev, sənaye və energetika naziri Natiq Əliyev və digər rəsmi şəxlərlə görüşləri nəzərdə tutulmuşdur.
Almaniyanın bu regionu ilə Azərbaycanı dərin tarixi köklər bağlayır. XIX əsrin axırlarında Baden-Vürtemberqdən köçüb Gəncə, Xanlar və Şəmkirdə məskunlaşmış almanlar Azərbaycanda şərabçılığın əsasını qoymuşlar.