Almaniyanın Brandenburq vilayətinə təcrübə mübadiləsi məqsədilə səfər təşkil edilib
Bakı, 23 iyun, AZƏRTAC
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin benefisiarı olduğu “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” texniki yardım layihəsi çərçivəsində Almaniyanın Brandenburq vilayətinə təcrübə mübadiləsi məqsədilə səfər təşkil olunub. Səfərdə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, icra hakimiyyətlərinin nümayəndələri iştirak ediblər.
İqtisadiyyat Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Brandenburq vilayətinin İnfrastruktur və Ərazi Planlaşdırma, Kənd Təsərrüfatı, Ətraf Mühitin Mühafizəsi və İqlim nazirliklərində, eləcə Turizm-Marketinq idarəsində keçirilən görüşlərdə iqtisadiyyatda innovasiyaların təşviqi, yeni texnologiyaların tətbiqi, biznesin və kənd yerlərinin inkişafı üçün həyata keçirilən tədbirlər, kənd turizmi üzrə təcrübə və müxtəlif sahələrdə qabaqcıl yanaşmalar barədə müzakirələr aparılıb. Azərbaycan nümayəndə heyəti Brandenburq vilayətində kənd təsərrüfatı məhsullarının istehsalı və marketinqi üzrə ixtisaslaşan kiçik və orta müəssisələrin fəaliyyəti ilə tanış olublar.
Qeyd edək ki, “Avropa İttifaqının Azərbaycanın Lənkəran-Astara iqtisadi rayonuna dəstəyi” layihəsinin məqsədi regional ərazi inkişaf planlaşdırma sisteminin təkmilləşdirilməsi, meyvə və tərəvəz istehsalı sahəsində müasir yerli iqtisadi və icma əməkdaşlıq mərkəzi şəbəkəsinin yaradılması, eləcə də sahibkarlıq və investisiya şərtlərinin yaxşılaşdırılması məqsədilə bu regionda rəqabət qabiliyyətinin və əlavə dəyərin artırılmasıdır.