Almaniyanın Maqdeburq şəhərində Xocalı soyqırımının 20-ci ildönümü anılmışdır
Berlin, 17 fevral (AZƏRTAC). Almaniyanın Maqdeburq şəhərində fəaliyyət göstərən “Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası”nın prezidenti, həmyerlimiz Tengis Sade Baron zu Romkerhallın təşəbbüsü və səyi nəticəsində Maqdeburq şəhərində Sosial Demokrat Partiyasının (SPD) ümumi iclasında Xocalı faciəsinin 20-ci ildönümü anılmışdır. Tədbirdə Maqdeburq şəhəri Sosial Demokrat Partiyası fraksiyasının sədri Yens Hitseroth, şəhər şurasının nümayəndələri və partiyanın üzvləri iştirak etmişlər.
Tengis Sade Xocalı faciəsinin tarixi barədə iclas iştirakçılarına ətraflı məlumat verərək bildirmişdir: “Bu il Xocalı soyqırımının 20-ci ildönümüdür. Məhz 20 il əvvəl Xocalının adı məhv olmuş şəhərlər siyahısına düşmüşdür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və canlı qüvvəsinin dəstəyi ilə Xocalı şəhərinə hücum etmişlər. Xalqımız uzun illərdir ki, Qarabağ probleminin dinc yolla həll olunmasını, işğal olunmuş torpaqlarımızın azad edilməsini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasını və bunun sülh yolu ilə başa gəlməsini istəyir”.
Daha sonra Tengis Sade qonaqlara və toplantı iştirakçılarına Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə fevralın 23-dən 26-dək Berlin şəhərində keçiriləcək “Xocalı-20 il” adlı tədbir barədə məlumat vermiş, iclas iştirakçılarının və digər vətəndaşların bu tədbirlərdə fəal iştirak etmələrini xahiş etmişdir.
Tədbirin sonunda Tengis Sade Sosial Demokrat Partiyası fraksiyasının sədri Yens Hitserotha Xocalı faciəsi və Azərbaycan tarixi barədə kitablar hədiyyə etmişdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin