Almaniyanın NETZSCH qrupunun mütəxəssisləri BDU-da seminar keçirmişlər
Bakı, 18 may (AZƏRTAC). Mayın 18-də Bakı Dövlət Universitetində (BDU) YUNESKO-nun dəstəyi ilə BMT tərəfindən elan edilmiş “Kimya ili” çərçivəsində Almaniyanın NETZSCH (Neç) qrupu və həmin qrupa daxil olan “Weseman İnternational” (Vezerman) Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) istehsal etdiyi cihazlarla tanışlıq məqsədi ilə seminar keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov “Kimya ili” çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Neç qrupu və bu qrupa daxil olan şirkətlər təkcə Almaniyada deyil, bütün dünyada istehsal etdiyi malların keyfiyyətinə və səmərəliliyinə görə öz layiqli yerini tutmuşdur. Bu qrupa daxil olan şirkətlər tərəfindən istehsal olunan termiki analiz cihazları keyfiyyətə nəzarət və elmi-tədqiqat işlərində, xüsusilə polimer, neft və kimya sənayesində, qeyri-üzvi və tikinti materialları sahəsində, ətraf mühit kimyasında, bərk maddələrin, sulu məhlulların termofiziki xassələrin öyrənilməsi istiqamətlərində yüksək müvəffəqiyyətlə istifadə olunur.
Seminarda NETZSCH-in Şərqi Avropa üzrə satış meneceri Lex Gersiq, qrupa daxil olan “Wesemann İnternational” MMC-nin direktoru Valentin Fişer, qrupun Azərbaycan üzrə təmsilçisi Gülçin Abbaszadə qrupun istehsal etdiyi malların keyfiyyətindən və cihazlara olan maraqdan danışmışlar.
Sonra BDU ilə NETZSCH qrupu arasında müqavilə imzalanmışdır.
######
