ALMANLAR HÖKUMƏTİN FƏALİYYƏTİNDƏN RAZIDIRLAR
“Forza” Sosioloji Araşdırmalar İnstitutunun ekspertləri bildirmişlər ki, rəyi soruşulanların, demək olar, üçdə iki hissəsinin fikrincə, XDİ/XSİ ilə ASDP-nin “böyük koalisiyası” doğru yoldadır. Yeni hökuməti təkcə koalisiyaya daxil olan xristian-demokratlar və sosial-demokratlar deyil, həm də digər partiyaların tərəfdarları dəstəkləyirlər. Təkcə Sol Partiyanın elektoratı istisna təşkil edir. Respondentlərin 61 faizi əmindir ki, hazırkı “qara-qırmızı koalisiya” Almaniya qarşısında duran problemlərin həlli üçün daha münasibdir.
Almanlar federal kanslerin fəaliyyətinə də yaxşı yanaşırlar. Maraqlıdır ki, Almaniya menecerləri də Angela Merkelin fəaliyyətindən razıdırlar. İşgüzar dairələrin “Handelsblat” qəzetinin sifarişi ilə keçirilən sorğuya görə, sahibkarlar onu ən mötəbər siyasətçi sayırlar. Menecerlər beşballı sistem üzrə ona 2,1 bal qiymət vermişlər. Bu, son yeddi ildə Almaniyada siyasi xadimə verilən ən yüksək qiymətdir.