Almatıdakı turkelpress.com internet qəzetində 20 Yanvar faciəsi haqqında geniş material dərc edilmişdir
Almatı, 21 yanvar (AZƏRTAC). Almatıdakı turkelpress.com internet qəzetində AZƏRTAC-ın Orta Asiya və Qazaxıstan üzrə müxbiri Qulu Kəngərlinin rus dilində “20 yanvar Azərbaycanda ümumxalq hüzn günüdür” sərlövhəli geniş məqaləsi dərc edilmişdir.
Məqalədə deyilir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin rəhbəri Mixail Qorbaçovun əmri ilə sovet ordusu və daxili qoşunların hissələri, o cümlədən “rezervist” adlandırılan quldurlar Bakıya yeridilmişdir. Bir gecənin içində günahsız insanlar -qocalar, qadınlar, uşaqlar qətlə yetirilmiş, yaralanmış, şəhərin küçələri dağıdılmışdır. Yalnız yanvarın 20-də səhər tezdən radio ilə Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında M.Qorbaçovun fərmanı oxunmuşdur.
Materialda Naxçıvan, Gəncə, Lənkəran və Neftçalada öldürülən şəhidlər haqqında da məlumat verilir.
Məqalədə deyilir ki, Bakıda fövqəladə vəziyyət elan olunması ilə SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR-in Konstitusiyasının 71-ci maddəsi, 1966-cı ildə SSRİ-nin də imzaladığı “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 1-ci maddəsi kobud şəkildə pozulmuşdur.
Məqalədə qeyd olunur ki, şəhərin dinc əhalisi süngülərlə qətlə yetirilmiş, qadağan edilmiş 5,45 kalibrli, ağırlıq mərkəzini dəyişən zəhərli güllələrlə insanlara atəş açılmışdır. Belə güllələr isə insanın ayağına dəydikdə başından çıxa bilər və ya əksinə.
Materialda həmin hüznlü günlərdə Bakı buxtasında SSRİ silahlı qüvvələrinin gəmiləri ilə Xəzər Dəniz Gəmiçiliyinin gəmiləri arasındakı atışma və onların ratsiya ilə danışıqlarının mətni verilmişdir. O vaxt bu danışıqlar adi ev radioqəbuledicilərindən də eşidilirdi.
Məqalədə faciədən bir gün sonra o vaxt Moskvada yaşayan dünya şöhrətli siyasətçi Heydər Əliyevin Azərbaycanın daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirməsi və SSRİ-nin rəhbərlərini ittiham etməsi haqqında da məlumat verilir.