Almaz Məmmədova: erməni cəlladları həyat yoldaşımı işgəncə verərək amansızcasına qətlə yetiriblər
Bakı, 26 fevral, AZƏRTAC
Həyat yoldaşım Rövşən Həsənov Xocalı faciəsi zamanı həlak olub. O, faciə zamanı məni və üç uşağımızı evdən çıxardı. Biz Ağdama, oradan da Bakıya gəldik. Özü isə qaldı. Rövşən Vətənini canından çox sevirdi və dedi ki, mən son günədək burada olmalıyam. Həyat yoldaşım pulemyotçu və könüllü dəstənin komandiri idi. O, hər zaman ön cərgədə olurdu. Faciə baş verən zaman sonadək vuruşub, qadınların, uşaqların, qocaların xilas olunmasında iştirak edib və Vətən yolunda canını qurban verib. Bu qəhrəmanlığa görə ulu öndər Heydər Əliyev Rövşən Həsənovu “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib. Mən həyat yoldaşımla fəxr edirəm ki, o son günə kimi vuruşdu, Xocalını tərk etmədi. Çünki o, əsl qəhrəmandır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı fevralın 26-da Xətai rayonunda soyqırımı abidəsini ziyarət edən Xocalı sakini Almaz Məmmədova deyib.
A.Məmmədova bildirib ki, yoldaşım qadınları, uşaqları şəhərdən çıxararkən mühasirəyə düşsə də, onları atıb qaçmayıb. Əmisi uşaqları ilə birlikdə əsir düşüblər. Erməni faşistləri, cəlladları onlara işgəncə verərək amansızcasına qətlə yetiriblər. Ermənilər bizim ürəyimizə elə dağ çəkiblər ki, bu bəlaları heç vaxt unuda bilmərik. Biz bu gün həyatda qaldığımıza görə yoldaşım kimi, Xocalıda həlak olanların ruhuna borcluyuq. Faciədən 28 il ötsə də, biz onları unutmamışıq. Xalqımız da bu faciənin acı nəticələrini unutmamalıdır. Çünki bu, bizim qan yaddaşımızdır.