Altmışdan çox şirkət Qusarda keçirilən festivalda məhsullarını təqdim edib
Qusar, 31 avqust, Elxan Yusifli, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə növbəti Aqrar İnnovasiya Festivalı avqustun 31-də Qusar rayonunda keçirilib. Festival çərçivəsində mövsümün 4-cü toxum sərgi-satış yarmarkası da təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festivala Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonlarından fermer və toxum istehsalçıları qatılıb.
Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən toxum sərgi-satış yarmarkasında yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun düzgün toxum seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun əhəmiyyəti, əkin materialı kimi sertifikatlı toxumlara üstünlük vermənin vacibliyi barədə təbliğat işləri aparılıb.
Festival çərçivəsində toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlərə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri tərəfindən təlim keçirilib.
Tədbirdə çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, mütəmadi olaraq bölgələrdə keçirilən Aqrar İnnovasiya Festivallarının əsas məqsədinin regionlarda yaşayan fermerlərin kənd təsərrüfatı məhsul və texnologiyalara əlçatanlığının təmin edilməsi olduğunu bildirib. A.Cəfərov əlavə edib ki, bugünkü festivalda 30-a yaxın toxumçu, 60-dan artıq şirkət öz məhsulları ilə təmsil olunur.
Azərbaycan Toxumçular Assosiasiyasının sədri Mədinə Əliyeva festivallar çərçivəsində təşkil edilən toxum sərgi-satış yarmarkalarının keçirilməsinin toxum bazarının formalaşmasına və toxumçuluq sahəsinin inkişafına yönəlmiş mühüm addımlardan biri olduğunu qeyd edib.
Aqrar İnnovasiya Festivallarının ənənəsinə uyğun olaraq tədbir çərçivəsində aqrar sahədə ixtisaslaşmış 60-dan artıq yerli və xarici şirkətin iştirakı ilə texnika və texnologiyaların nümayişi keçirilib.
Festival ərzində Kənd Təsərrüfatı Nazirliyinin və digər dövlət müəssisələrinin mütəxəssisləri tərəfindən fəaliyyət istiqamətləri və xidmətləri barədə ətraflı məlumatlar verilib və informasiya materialları təqdim olunub.
Növbəti festival 8 sentyabr tarixində Ağcabədi rayonunda keçiriləcək.