Amazon meşələrinin qırılması Braziliyanın kənd təsərrüfatına ildə 1 milyard dollarlıq ziyan vuracaq
Madrid, 2 may, AZƏRTAC
Amazonda meşələrin qırılması Braziliyanın kənd təsərrüfatına növbəti üç onillikdə ildə 1 milyard dollardan çox ziyan vuracaq, əksinə meşələrin qorunması isə gəlir əldə olunmasını təmin edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dünyada meşələrin vəziyyəti ilə bağlı illik hesabatında deyilir. Bununla belə, Braziliya hökuməti qorunan ərazilərin iqtisadi istismar yerlərinə çevrilməsinin zəruriliyində israr edir. 2021-ci ilin sonunda Qlazqoda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı zamanı Braziliyanın ətraf mühit naziri Hoakim Leyte bildirib ki, meşə çox olan yerdə yoxsulluq da çoxdur. Məlumatda vurğulanır ki, meşələr 4,06 milyard hektar ərazini əhatə edir ki, bu da dünya quru səthinin 31 faizini təşkil edir. Amma bu sahə xüsusilə tropiklərdə azalır. FAO-nun hesablamalarına görə, 1990-2020-ci illər arasında 420 milyon hektar ərazi meşəsizləşib (digər torpaq istifadəsinə çevrilib). Üç ölkə - Braziliya, Kanada və Rusiya dünyanın əsas meşələrinin yarısından çoxunu, 61 faizini təşkil edir. Kanada və Rusiyada 1990-2020-ci illər arasında meşələrin qırılması faktı çox aşağı səviyyədədir.
Braziliyada meşələrin qırılması yaxın illərdə ölkədəki fermerlərin gəlirlərinə mənfi təsir göstərəcək, onların mühafizəsi isə gəlir əldə etməyə kömək edə bilər.
Cənubi Braziliya Amazonunda yağan yağışlar kənd təsərrüfatında itkilərə səbəb ola bilər. Məsələn, 2050-ci ilə qədər soya və heyvandarlıq istehsalının azalması ildə 1 milyard dollardan çox itkiyə səbəb ola bilər. Müvafiq hökumət və bazar siyasəti ilə birlikdə kənd təsərrüfatı və heyvandarlıq məhsuldarlığının artırılması Braziliya Amazonunda meşə sərhədlərinin sabitləşməsinə kömək edə bilər.
Meşənin mühafizəsi ölkə üçün iqtisadi məna kəsb edir: bir hektar ərazinin mühafizəsi Braziliya Amazonunda ildə 800 dollar gəlirə zəmanət verir. FAO-nun fikrincə, dünya qeyri-sağlam planetdə sağlam iqtisadiyyatı inkişaf etdirə bilməyəcək. Ətraf mühitin deqradasiyası iqlim dəyişikliyinə, biomüxtəlifliyin itirilməsinə və yeni xəstəliklərin yaranmasına səbəb olur. Meşələr və ağaclar bu böhranların aradan qaldırılmasında və dayanıqlı iqtisadiyyata doğru irəliləməsində mühüm rol oynaya bilər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid