AMEA Naxçıvan Bölməsində Nəriman Nərimanovun 150 illiyinə həsr olunmuş onlayn elmi konfrans keçirilib
Naxçıvan, 18 iyun, AZƏRTAC
Dövrünün görkəmli şəxsiyyətlərindən olan Nəriman Nərimanov hər zaman Azərbaycanın milli mənafeyini yüksək tutub. O, mənsub olduğu xalqın maariflənməsi arzulayıb. Nəriman Nərimanovun ədəbi-publisistik fəaliyyəti də maarifçi məzmun daşıyıb, cəmiyyəti nadanlıqdan qurtarmaq, ictimai problemləri diqqətdə saxlamaq məqsədinə xidmət edib.
AMEA Naxçıvan Bölməsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu fikirlər AMEA Naxçıvan Bölməsində görkəmli Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr edilmiş onlayn elmi konfransda səsləndirilib.
Konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək tədbirin Prezident İlham Əliyevin “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2020-ci il 14 fevral tarixli Sərəncamına əsasən keçirildiyini deyib. O, yazıçının həyat və yaradıcılığından, ictimai-siyasi fəaliyyətindən bəhs edib.
Akademik diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin qayğı və diqqəti, böyük səyləri sayəsində Nəriman Nərimanovun 100 və 125 illik yubileyləri qeyd olunub. Ulu Öndərin təşəbbüsü ilə ədibin Bakıda əzəmətli abidəsi ucaldılıb, ev-muzeyi yaradılıb.
Vurğulanıb ki, Azərbaycan tarixində, ədəbiyyatında özünəməxsus xidmətləri olan görkəmli yazıçının fəaliyyətini əks etdirən çoxsaylı kitab və monoqrafiyalar çap edilib. Ölkə Prezidentinin sərəncamına uyğun olaraq Nəriman Nərimanovun ictimai-siyasi fəaliyyətinin təbliği istiqamətində mühüm işlər görülüb.
Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Yeni və ən yeni tarix şöbəsinin aparıcı elmi işçisi Musa Quliyevin “Görkəmli ictimai-siyasi və dövlət xadimi Nəriman Nərimanov”, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Nəriman Nərimanov və dil məsələləri”, həmin institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun “Nəriman Nərimanovun dramaturgiyası” və şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Nəriman Nərimanovun publisistikası” mövzusunda məruzələri dinlənilib.