AMEA-nın gənc alimləri Fransanın Monpelye Universitetində doktorantura təhsili alırlar
Bakı, 5 mart, AZƏRTAC
Ötən il Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə və Fransanın Monpelye Universitetinin vitse-prezidenti, professor François Henn tərəfindən əməkdaşlıq haqqında çərçivə sazişi, əməkdaşlıq və dissertasiyanın maliyyələşdirilməsi haqqında saziş imzalanıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, əməkdaşlıq Azərbaycana ilk dəfə olaraq doktorantura səviyyəsində ikili diplom proqramının həyata keçirilməsi üçün geniş imkanlar açıb. Sazişə əsasən, gənc mütəxəssislər AMEA və Monpelye Universitetinin doktorantları kimi hər iki təşkilat tərəfindən elmi rəhbərlə təmin edilir. Doktorantlar təhsil müddətinin iki ilini Monpelye Universitetində, bir ilini isə AMEA-da tamamladıqdan sonra hər iki təşkilatın alimlərindən ibarət ümumi elmi şura qarşısında dissertasiya işini müdafiə edərək iki ölkə tərəfindən fəlsəfə doktoru diplomlarına yiyələnmə haqqı qazanırlar.
2018-ci il üçün AMEA tərəfindən prioritet istiqamət kimi biotibb elmi istiqaməti elan edilib və müştərək fəlsəfə doktoru proqramına müsabiqə elan olunub. Monpelye Universiteti tərəfindən biotibb istiqaməti çərçivəsində təqdim edilmiş mövzular üzrə doktoranturaya namizədlər arasından AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun doktorantı Səbinə Fərhadova və Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun doktorantı Fidan Hüseynova müsabiqənin qalibi elan edilib. 2018-ci akademik ilinin əvvəlindən onlar Monpelye Universitetində doktorantura təhsilinə başlayıblar.
Bu münasibətlə Rəyasət Heyəti aparatının elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov və beynəlxalq əlaqələr idarəsinin rəisi Esmira Əlirzayeva Monpelye Universitetində olub, azərbaycanlı doktorantların elmi rəhbərləri ilə görüşüblər. Həmçinin doktorantların təhsili və elmi-tədqiqat işlərinin gedişi ilə tanış olublar. Hər iki elmi rəhbər doktorantların hazırlıq vəziyyəti və təhsil göstəricilərindən razılıqlarını bildirib, uğurlu elmi nəticələrin alınacağına və AMEA ilə əməkdaşlığın davam etdiriləcəyinə ümid etdiklərini söyləyiblər.
İdarə rəisləri, həmçinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri Gülnarə Nəbibəyova, həmin müəssisənin baş mütəxəssisi Əfruz Qurbanova və proqram mütəxəssisi Yusif Sadıyev “Erasmus+” proqramı çərçivəsində “Azərbaycanda doktorantura təhsilinin təkmilləşdirilməsi və Vahid Avropa Təhsil Məkanının tələblərinə uyğun strukturlaşdırılması - Nizami” layihəsi çərçivəsində Monpelye Universitetində keçirilən növbəti toplantıda iştirak ediblər. Toplantı zamanı layihənin Azərbaycandakı tərəfdaş təşkilatları tərəfindən aparılan işlər və əldə edilən nəticələr müzakirə olunub. Nümayəndə heyəti AMEA tərəfindən həyata keçirilən işləri təqdim edib, Azərbaycanda doktorantura təhsili üzrə Milli İdarəetmə Portalının strukturu və yaradılması prinsiplərini müzakirəyə çıxarıb. Yerli və xarici tərəfdaşların təklifləri nəzərə alınmaqla portalın strukturu qəbul edilib və hazırlıq işlərinə başlanılıb.
Qeyd edək ki, bu layihə Monpelye Universitetinin koordinatorluğu ilə Avropanın 5 qabaqcıl universiteti, Təhsil Nazirliyi, AMEA və Azərbaycandan 9 ali məktəbin iştirakı ilə həyata keçirilir.