AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Xocalı faciəsinə həsr olunmuş sərgi açılmışdır
Bakı, 24 fevral (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Xocalı faciəsinə həsr olunmuş sərgi açılmışdır.
Kitabxananın direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Xocalıda törətdikləri soyqırımı haqqında danışmış, xalqımıza qarşı hər zaman xəyanətkar mövqedə dayanan ermənilərin misli görünməmiş vəhşiliyini bəşəriyyətə qarşı törədilmiş cinayət adlandırmışdır. Bu dəhşətli faciə barədə dünya xalqlarına daha geniş məlumatın çatdırılmasının vacibliyini vurğulayan alim bildirmişdir ki, MEK əlaqə saxladığı 70-dən çox təşkilata və dünyanın ədəbiyyat mübadiləsi apardığı 154 kitabxanasına Xocalı soyqırımına aid faktları əks etdirən sənədli film və fotoşəkillərdən ibarət disklər göndərmişdir. Kitabxananın rəsmi saytında soyqırımla əlaqədar səhifə yaradılmışdır.
A.Əliyeva-Kəngərli görülən işlərin Xocalı faciəsinə ədalətli siyasi-hüquqi qiymət verilməsində əhəmiyyətli rol oynayacağına əminliyini vurğulamışdır.
AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev ötən əsrin sonlarında Ermənistan Respublikasının Azərbaycanın ərazi bütövlüyünə qəsd etməsinə, qonşu dövlətə torpaq iddiaları irəli sürərək işğalçılıq müharibəsi və etnik təmizləmə aparmasına, bu faciənin indiyə kimi dünyanın bir sıra dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən hələ də soyqırımı kimi tanınmamasını təəssüf hissi ilə qeyd etmişdir. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmiş, bu kütləvi və amansız qırğın aktını təkcə Azərbaycan xalqına qarşı deyil, insanlığa qarşı cinayət, bəşər tarixinə qara ləkə kimi qiymətləndirmişlər.
Tədbirdə çıxış edənlər əminlik ifadə etmişlər ki, ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasi xəttinin layiqlı davamçısı, dövlətimizin başçısı İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində münaqişə beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə ədalətlə həll olunacaq, düşmənin işğal altında saxladığı torpaqlarımız tezliklə azad ediləcəkdir.
Xocalı soyqırımına həsr olunmuş qısa videofilm göstərilmişdir.
Sonra tədbir iştirakçıları Xocalı faciəsinin dəhşətlərini əks etdirən 120-dən artıq kitab (Azərbaycan, ingilis, rus və digər dillərdə), eləcə də qəzet və jurnalların, fotomaterialların nümayiş olunduğu sərgi ilə tanış olmuşlar.
######
