AMEA və İtaliya Milli Tədqiqatlar Şurası arasında birgə layihə təklifləri ilə əlaqədar seminar
Bakı, 27 may, AZƏRTAC
Mayın 27-də AMEA və İtaliya Milli Tədqiqatlar Şurası (CNR) arasında birgə elmi və texnoloji əməkdaşlıq üzrə müştərək layihə təklifləri ilə əlaqədar məlumatlandırma seminarı keçirilib. Tədbir AMEA Rəyasət Heyəti aparatının beynəlxalq əlaqələr idarəsi tərəfindən təşkil edilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, seminarda idarənin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva çıxış edib. Bildirib ki, müsabiqə AMEA və İtaliya CNR arasında Elmi Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində 2020-2021-ci illər üçün elan edilib. Müsabiqədə iştirak etmək istəyən alimlər əvvəlcə İtaliya CNR-ə daxil olan elmi müəssisələrdən tərəfdaş seçməli, sonra hər iki tərəfin maraqlarına uyğun tədqiqat mövzusunu müəyyənləşdirməlidir. Layihə ingilis dilində birgə yazılmalı və daha sonra İtaliya CNR tərəfindən hazırlanmış onlayn formaya əlavə edilərək iyunun 28-dək göndərilməlidir.
Layihələrin həm AMEA, həm də İtaliya CNR tərəfindən anonim şəkildə müstəqil ekspertlər tərəfindən 5 bal sistemində qiymətləndiriləcəyini deyən Esmira Əlirzayeva daha sonra iki ölkənin rəylərinin qarşılaşdırılacağını diqqətə çatdırıb. O, ən yüksək bal toplayan 4 layihənin qəbul ediləcəyini söyləyib.
İdarə rəisi İtaliyada tədqiqat aparmaq, seminarlarda iştirak etmək və görüşlər keçirmək üçün hər layihəyə il ərzində 6 min avro ayrılacağını bildirib. Bundan əlavə, tədqiqatların genişliyinin və vaxtının nəzərə alınaraq layihələrdə iştirak edəcək şəxslərin sayının müəyyənləşdirilməsini tövsiyə edib. Esmira Əlirzayeva hazırda İtaliya CNR-lə birgə 9 layihə üzərində işlədiklərini və tədqiqatların nəticələrinin yüksək impakt faktorlu jurnallarda dərc edildiyini vurğulayıb.
Sonda suallar cavablandırılıb.