AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB CORC BUŞA
Hörmətli cənab Prezident,
Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda dost Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirməkdən son dərəcə məmnunluq duyuram.
Amerika Birləşmiş Ştatları dünyada sülhün, sabitliyin bərqərar olması naminə daim ardıcıl səylər göstərir, bəşəriyyət üçün təhlükə mənbəyi olan beynəlxalq terrorizmə qarşı mübarizənin önündə gedir. Biz bu işdə Birləşmiş Ştatların yanındayıq və hər zaman öz töhfəmizi verməyə hazırıq.
Bu gün Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər strateji xarakter daşıyaraq, müvəffəqiyyətlə inkişaf etməkdədir. Bir çox sahələrdə, xüsusən də enerji təhlükəsizliyi məsələlərində ölkələrimizin sıx əməkdaşlığı, həyata keçirdiyimiz irimiqyaslı transmilli layihələrdə ABŞ-ın yaxından iştirakı və dəstəyi bizim üçün çox əhəmiyyətlidir.
Biz eyni zamanda Azərbaycanın Avratlantik strukturlarına inteqrasiyasına, ölkəmizdə demokratik təsisatların inkişafına Birləşmiş Ştatların maraq və yardımından məmnunluq duyuruq.
Xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri olan Amerika Birləşmiş Ştatlarının ardıcıl səylərini biz yüksək qiymətləndirir, Ermənistanın təcavüzünə son qoyulacağına və işğal edilmiş torpaqlarımızın tezliklə azad ediləcəyinə böyük ümidlər bəsləyirik.
Cənab Prezident, bu əlamətdar bayram günündə bir daha Sizi ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Səmimiyyətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 iyun 2008-ci il.