Amin Məmmədov: Sərsəng su anbarının mövcud vəziyyəti ilə bağlı qeyri-müəyyənlik var- ŞƏRH
Bakı, 5 sentyabr, AZƏRTAC
Çox təəssüf ki, Tərtərçayın aşağı axınında yerləşən Sərsəng su anbarı 90-cı illərin əvvəllərindən uzun illər işğal altında qalıb. Hazırda Sərsəng su anbarı Azərbaycanda müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan ərazidədir. Hələ də Azərbaycan dövlətinin nəzarətində olmadığına görə həmin anbarın mövcud vəziyyəti ilə bağlı qeyri-müəyyənlik var və heç bir məlumat yoxdur.
Bunu AZƏRTAC-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın və “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin sədri Amin Məmmədov söyləyib.
Ötən il dövlət qurumlarının nümayəndələrinin Sərsəng su anbarında monitorinq keçirdiyini bildirən A.Məmmədov deyib: “Monitorinqin nəticələri heç də qənaətbəxş deyil. Təbii ki, 560 milyon kubmetr həcminə malik böyük bir su anbarına 30 ilə yaxın müddət ərzində texniki xidmət göstərilməməsi nəticəsində onun istər dib hissəsində, istər ümumi divarlarında, istərsə də bəndində müəyyən deformasiyaların olması ehtimalı böyükdür. Bu da sözsüz ki, risklər yaradır. Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Su Ehtiyatları Agentliyi birgə bəyanat yayıblar. Biz də vətəndaş qurumları olaraq həmin dövlət orqanları qarşısında öz narahatlıqlarımızı bildirdik. Bununla bağlı ekologiya sahəsində fəaliyyət göstərən 16 qeyri-hökumət təşkilatı bəyanat imzaladı.
İndiyə qədər Xankəndidə guya humanitar fəlakətin olması ilə bağlı danışan qüvvələr nəzərə almalıdırlar ki, ən böyük ekoloji humanitar böhran hazırda Sərsəng su anbarı ilə bağlı baş verir. Buna da beynəlxalq ictimaiyyətin diqqətini mütləq çəkmək lazımdır”.