ANAMA XƏBƏRDARLIQ EDİR!
Agentliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, fevralın 14-də Füzuli rayonundakı Qazaxlılar kəndinin ərazisində iki uşaq – Elvin (1992-ci il təvəllüdlü) və Elgün (1993-cü il təvəllüdlü) Məmmədovlar piyada əleyhinə minaya düşərək, yerindəcə həlak olmuşlar.
Agentlikdə xüsusi vurğulamışlar ki, Qazaxlılar kəndində 502 adam yaşayır, onlardan 207 nəfər ANAMA ekspertləri tərəfindən təşkil olunmuş izahat tədbirlərində iştirak etmişdir. Təkcə son vaxtlar, yanvarın 16-da və fevralın 13-də - faciədən bir gün əvvəl bu kənddə izahat işləri aparılmışdı.
Mövcud standartlar ANAMA-ya atəşkəs xəttinə bitişik əraziləri minalardan təmizləməyi qadağan edir. Ona görə də agentlik həmin rayonların rəhbərliyini və ictimaiyyətini mina təhlükəsi probleminə daha ciddi yanaşmağa çağırır.