Andrey Yatskin: Rusiya və Azərbaycan liderləri ikitərəfli əməkdaşlığın strateji vektorunu müəyyənləşdirirlər
Bakı, 18 iyun, AZƏRTAC
Parlamentlərarası Komissiyanın işi Rusiya və Azərbaycan rəhbərlikləri tərəfindən müəyyən edilmiş strateji istiqamətlərə uyğun olaraq həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisinin parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclasında bildirib.
Andrey Yatskin hər iki ölkə liderlərinin ikitərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib.
“Ölkələrimizin liderləri Vladimir Putin və İlham Əliyev fəaliyyətimizə böyük əhəmiyyət verirlər. Onlar əməkdaşlıq üçün strateji vektor müəyyən edirlər və parlamentlərin üzvləri konkret təşəbbüslər və birgə iş vasitəsilə onun daha da inkişafını təmin etməlidirlər”, - deyə o bildirib.
Birinci müavinin sözlərinə görə, müntəzəm əlaqələr və əldə edilmiş razılaşmaların icrasının monitorinqi parlamentlərarası əməkdaşlığın ən vacib elementləri olaraq qalır.
Yatskin vurğulayıb: “Komissiyanın qərarlarının icrasını yaxından izləyirik. Onlar formal deyil, praktik xarakter daşıyır və konkret nəticələrə nail olmağa yönəlib”.