İşğal dövründə Azərbaycan ərazilərində qəbiristanlıqlar vandalizmə məruz qalıb
Bakı, 18 iyun, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə aparılan monitorinqlər zamanı bir çox Azərbaycan məzarlıqlarının tamamilə vandalizmə məruz qaldığı, tarixi və mənəvi dəyərə malik qəbiristanlıqların yer üzündən silindiyi aşkarlanıb. Bu faktlar bölgədə Azərbaycan xalqının mədəni və dini irsinə qarşı törədilmiş dağıntıların miqyasını bir daha nümayiş etdirir.
Bu barədə AZƏRTAC-a AMEA Memarlıq və İncəsənət institutunun aparıcı elmi işçisi memarlıq üzrə fəlsəfə doktoru, dosent Rizvan Qarabağlı məlumat verib. O bildirib ki, işğaldan azad edilmiş Ağdam, Füzuli, Zəngilan, Kəlbəcər və Cəbrayıl rayonlarında azərbaycanlılara məxsus qəbiristanlıqların xüsusi qəddarlıqla və sistemli şəkildə dağıdıldığı müəyyən edilib. Aparılmış tədqiqatlar zamanı həmin ərazilərdə qəbiristanlıqların tamamilə məhv edildiyi, məzarların dağıdıldığı və maddi-mədəni irs nümunələrinin talan edildiyi aşkar olunub.
Rizvan Qarabağlının sözlərinə görə, qəbiristanlıqlardakı bahalı mərmər başdaşıları sökülərək aparılıb, bürünc elementlər oğurlanıb. Mərmər başdaşılarının bir hissəsinin Ermənistana daşındığı, üzərlərindəki yazıların silinərək yenidən satışa çıxarıldığı bildirilib.
Tədqiqatlar zamanı qəbirlərin kütləvi şəkildə qazılması faktları da qeydə alınıb. Məlumata əsasən, qızıl dişlər, bəzək əşyaları və digər qiymətli əşyaları əldə etmək məqsədilə minlərlə qəbir ekskavatorlarla qazılıb. Nəticədə mərhumların sümükləri ətrafa səpələnib. Bundan başqa, Füzuli və Cəbrayıl rayonlarında bəzi qəbiristanlıqların ərazisindən hərbi təyinatlı yolların keçirildiyi müəyyən olunub.